Komandamız Oyunlara yüksək səviyyədə hazırlaşır

3 may 2017

Mayın 3-də Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mətbuat nümayəndələri üçün açıq məşqi olub.
Baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında futbolçular topla müxtəlif hərəkətlər yerinə yetiriblər.

Komandada qələbə ruhu görmək istədiyini bildirən baş məşqçi keçirilən təlim-məşq toplanışlarında futbolçulardan razı qaldığını deyib: “Komanda artıq 3 gündür bir yerdədir və hazırlıq prosesindən razı qalmışam. Artıq Kamerunla oyuna hazırıq və səbirsizliklə matçın başlama saatını gözləyirəm. Komandada ab-hava yaxşıdır.

Hər gün iki dəfə məşq və istirahət olur. Oyunlara kimi kənara çıxmağa icazə yoxdur, çünki oyunlara çox az bir vaxt qalıb və ciddi şəkildə hazırlıq olmalıdır. Başa düşürəm hər kəs həssasdır, həyəcanlıdır. Çünki, ölkəmizin idman yarışıdır və hər birimiz qalib olmaq arzusundayıq. Əsas odur ki, zədə problemimiz yoxdu. Məşq prosesi normal şəkildə davam edir.”

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında səkkiz yığma komanda mübarizə aparacaq. “A” qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR