Yarımfinalda uduzan Kamerun ümidini bürüncə bağlayıb

19 may 2017
MARCO BERTORELLO / Baku 2017 / AFP-Services

Futbol üzrə Kamerun yığma komandasının məşqçisi Emmanuel Maboan Kessak yarımfinaldakı məğlubiyyətlə barışdıqlarını və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğurnda matçın onlar üçün final xarakterli olduğunu deyib.

Oman futbolçuları ilə yarımfinal görüşünün əsas vaxtı bərabərliklə başa çatdığından qalib penaltilərlə müəyyənləşib və zərbələri dəqiq vura bilməyən Kamerun komandası uduzaraq ümidini bürünc medala bağlayıb: 3-cü yeri tutmaq üçün Əlcəzair futbolçuları məğlub edilməlidir.

"Bu vəziyyətlə barışmaq çox çətindir. Qalib gəlməyə imkanımız olsa da, qol vura bilmədik. Yarımfinalda məğlubiyyət bütün planlarımızı alt-üst etdi", - deyə söhbətə başlayan Kamerun komandasının məşqçisi Maboan Kessak daha sonra bildirib: "Hamımız çox məyusuq, çünki Kameruna çempion kimi qayıtmaq istəyirdik. Amma gənclərdən ibarət komanda bunu bacarmadı. Bununla belə, qarşıda daha bir oyunun olmasını unutmuruq. Həmin matçda uğur əldə edib, bürüncə yiyələnməyi düşünürük".

Mərkəz müdafiəçisi Olivye Mbaizo onda ruh düşkünlüyü yarandığını etiraf etməklə yanaşı, bürünc medal uğrunda Əlcəzairlə görüşə final gözü ilə baxacağını vurğulayıb.

Kamerun – Əlcəzair oyunu bazar günü, mayın 21-də keçiriləcək. Xatırladaq ki, əlcəzairlilər yarımfinalda ev sahibi Azərbaycan futbolçularına məğlub olub (0:2).

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində qalib komanda Azərbaycan və Oman yığmaları arasında mayın 21-də təşkil olunacaq final qarşılaşmasında müəyyənləşəcək.

©AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR