Benin İslam Həmrəyliyi Oyunlarında ilk uğuru Bakıda qazandı

18 may 2017
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services

Benin atleti Odile Ahoanvanou qadınların 100 m məsafəyə maneələrlə qaçış yarışlarında 13,55 saniyə nəticə ilə qızıl medal qazanıb.

Bu ölkənin idmansevərləri bir neçə gün öncə qadın atletlərin 800 m məsafəyə yarışında Noel Yariqonun çempionluğuna sevinmişdi. Maraqlıdır ki, Benin idmançıları indiyədək İslam Həmrəyliyi Oyunlarında heç vaxt qızıl medal qazanmamışdı.

Kişilərin 800 m məsafəyə qaçışında Mərakeş atleti, 20 yaşlı Mustafa Smaili qalib gəlib – gərgin mübarizədə o, mükəmməl fiziki hazırlıq nümayiş etdirərək Riadah Çinnini qabaqlayıb. Rio olimpiadasının yarımfinalçısı, əlcəzairli Məhəmməd Əl Əmin Belferar bürünc medalla mükafatlandırılıb.

Çəkicatma

Atletikanın çəkicatma yarışlarının finalında Türkiyə idmançısı Eşref Apak kişilərin mübarizəsində 74,32 metr nəticə ilə kiçik fərqlə həmyerlisi Özkan Baltacıya (74,13 m) qalib gələrək “Bakı-2017”nin çempionu olub.

Üçüncü yerə 73,17 m göstərici ilə Qatar idmançısı Əşrəf Amgad Elseifi çıxıb.

Paraatletika

Paraatletikada kişilər arasında 100 m məsafəyə qaçış yarışlarında Azərbaycan idmançısı Nurlan İbrahimov finiş xəttinə 11,60 saniyəyə çataraq komanda yoldaşı Elçin Muradovu cəmi 0.04 saniyə qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, “Bakı-2017”nin atletika turnirində təşkilatçı ölkə təmsilçilərinin qazandığı 8-ci qızıl medal olub.

Bürünc medala isə 11,66 saniyə nəticə ilə İran atleti Araş Xosravi yiyələnib.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR