Azərbaycan cüdoçularından 6 qızıl medal

14 may 2017

“Bakı-2017”nin startında Azərbaycan cüdoçuları 9 qızıl medaldan 6-nı qazanmaqla diqqətləri özünə cəlb ediblər.

Yarışın keçirildiyi Heydər Əliyev İdman Arenasına toplaşmış azarkeşlərin sayı çox olmasa da, fəallıqları ən yüksək səviyyədə idi. Qadın cüdoçumuz Bazarraqça Erdenebat (48 kq) və Orxan Səfərovun (60 kq) final döyüşü ərəfəsində isə idmansevərlər kifayət qədər idi.

Bazarraqça həlledici qarşılaşmada komanda yoldaşı Aişə Qurbanlıya qalib gələrək İslam Həmrəyliyi Oyunlarının çempionu olub. 4 dəqiqəyə yekunlaşan döyüşdə 21 yaşlı Bazarraqça məqsədinə vazari xalı ilə çatıb.

Bürünc medal uğrunda qarşılaşmada isə Mərakeş cüdoçusu Vafay İdrissi Çorfi ipponla iordaniyalı Ayah Kitanehi məğlub edib.

Orxan Səfərov isə 60 kq çəki dərəcəsində final döyüşündə Türkiyə cüdoçusu Bəkir Özliri məğlub edib. Bu çəkidə bürünc medala Asiya çempionatının gümüş mükafatçısı özbəkistanlı Diyarbək Urozbəyov yiyələnib – o, qızıl xalla mərakeşli Yasin Mödətiri məğlubiyyətə uğradıb.

Çəkisi 66 kq olan cüdoçuların mübarizəsində Azərbaycan idmançısı Nicat Şıxəlizadə finalda əlcəzairli Hud Zordani ilə üz-üzə gəlib və rəqibi 46 saniyəyə ipponla məğlub edərək fəxri kürsünün qızıl pilləsinə qalxıb. Türkiyəli Sinan Sandal isə bu çəki dərəcəsində 3-cü yeri tutub.

73 kq çəkidə Avropa çempionu Hidayət Heydərov həmyerlisi, 2016-cı il Rio olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucovu məğlub edərək “Bakı-2017” yarışlarının qalibi adını qazanıb. Gənc Heydərov böyük azarkeş ordusunun sevimlisi olan təcrübəli komanda yoldaşına ipponla qalib gəlib. Bürünc medallara isə əlcəzairli Ossama Cəddiyə və qırğızıstanlı Bəktur Rismambətov yiyələniblər.

Qadın cüdoçuların yarışında Azərbaycan atletlərindən 57 kq çəki dərəcəsində Afaq Sultanova, həmçinin 70 kq çəkidə Ramilə Kaştayeva da İslam Həmrəyliyi Oyunlarının qalibi olublar. Onların hər ikisi finalda həmvətənlərindən üstün olublar – Afaq Sevda Vəliyevanı, Ramilə isə Turanə Ağayevanı məğlub edib.

Türkiyə cüdoçuları günü 2 qızıl medalla bitiriblər, hər ikisi də qadınların mübarizəsində. O da maraqlıdır ki, türkiyəli tatami ustaları finalda Azərbaycan idmançılarına qalib gəliblər: 52 kq çəkidə İrem Qorxmaz Azərbaycan idmançısı Nəzakət Əzizovanı, 63 kq-da isə Busra Katipoğlu Xanım Hüseynovanı məğlubiyyətə uğradıb.

Azərbaycanın daha bir qadın cüdoçusu finalda uduzub: 57 kq çəki dərəcəsində yarışan Kifayət Qasımova final döyüşündə Əlcəzair idmançısı Ratibə Tariketlə bacarmayıb.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR