Futbol turnirinin finalında uduzan Omanın məqşçisi danışdı

22 may 2017

Xəbər verildiyi kimi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol turniri Azərbaycanın yığma komandasının qələbəsi ilə başa çatıb – təşkilatçı ölkənin futbolçuları Tofiq Bəhramov stadionunda keçirilən final matçında Omanı 2:1 məğlub edib.

Kollektiv idman növlərinin önündə gedən futbol yarışında ikinci yeri tutaraq gümüş medalla mükafatlandırılan Oman yığmasının baş məşqçisi Həmid Əl Əzini Bakı çıxışlarını dəyərləndirərkən bunları deyib: "Mən komandamın göstərdiyi oyundan da, nəticədən də razıyam. Əgər lazımi ehtiyat qüvvəmiz olsaydı, yekun başqa cür də ola bilərdi. Lakin unutmayaq ki, bizim komanda builki İslam Oyunlarında cəmi 16 oyunçu ilə mübarizə apardı".
Azərbaycanla qarşılaşmada Oman komandasının yeganə topunu 56-cı dəqiqədə turnir boyu fəal oyunu ilə diqqət mərkəzinə düşmüş Salah Əl Yəhyayi vurub. Bu futbolçu təhlükəli reydləri və zərbələri ilə ev sahiblərini daha bir neçə dəfə həyacanlandırıb.

Xatırladaq ki, Oman yığması qrup mərhələsində Fələstin (2:2), Türkiyə (3:2) və Əlcəzair (1:1) futbolçuları ilə oyunlarda 5 xal toplayaraq yarımfinala çıxmış, həmin oyunda isə Kamerunu (0:0, penaltilərlə 4:3) məğlub etmişdi.


©AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR