“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı

18 fevral 2017

“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı öz fəaliyyətinə başlayıb

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə 18 fevral 2017-ci il tarixində “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramının açılışı baş tutub.

“Uğurlu Gələcək” Proqramı Bakı 2017 Könüllülərinin şəxsi və peşəkar inkişafı istiqaməti üzrə “Effektiv Kommunikasiya” təlimi ilə öz açılışını edərək könüllüləri bir araya gətirib. TV və Radio aparıcısı Dj Fateh, həmçinin Hyundai markasının Marketinq Meneceri Rauf Cahangirovun apardığı təlimin əsas istiqaməti könüllülərə ünsiyyət sahəsində həm effektiv məlumatların çatdırılması, həm də bu sahədə adı çəkilən təlimçilər tərəfindən təcrübənin bölüşdürülməsi olub. 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən açılış təlimində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov və BP şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramını elan etməkdən məmnunluğunu dilə gətirən BP şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli açılışda çıxışı zamanı qeyd edib: “İdmanın inkişafına göstərdiyimiz dəstək çərçivəsində  biz  Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla ölkənin idman potensialının  yüksəlməsinə dəstək vermək və ölkədə yaşanacaq idman həyəcanını bölüşmək istəmişik. Bu gün açılışını elan etdiyimiz  Könüllülərin İnkişaf Proqramı da məhz yüksək potensialı olan gənclərin inkişafına imkan yaradan bir layihədir. Düşünürük ki, biz bu imkanı yaratmaqla ölkənin uğurlu gələciyinin  qurulmasında iştirak edirik və bundan çox məmnunuq.”

“Bakı 2017 könüllüləri IV İslam Həmrəyliyi Oyunlarının ayrılmaz parçası olmaqla, bu oyunlara xüsusi bir bayram abu havası bəxş edəcək. Məhz könüllülərin uğurlu gələcəyi, onların parlaq sabahı üçün təşkil olunan təlimlərin çox böyük önəmi və əhəmiyyəti var. Könüllülər bu təlimlərdə yeni təcrübə, bilik qazanmaqla bərabər, Oyunlar zamanı  Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı da qazanacaqlar.”  – AİHOƏK-in korporativ direktoru Elçin Səfərov isə, çıxışı zamanı Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının uğurlu keçirilməsində könüllülərin danılmaz rolunu vurğulayıb.

Qeyd edək ki, “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində “Effektiv Kommunikasiya” təlimi üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak imkanı əldə edib. Təlimin sonunda könüllülərə iştiraka dair sertifikat təqdim olunub. 



Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR