Tennisdə Türkiyənin tam qalibiyyəti

22 may 2017

Altuğ Çelikbilek və Ayla Aksu tennis yarışında qızıl medal qazandılar və bununla da, Türkiyə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını bu növdə tam qalibiyyətlə başa vurdu.

Türkiyə hər iki finalda qızıl medalı sığortalamışdı, çünki həlledici görüşlərdə bu ölkənin təmsilçiləri üz-üzə gəlirdi. Altuğ Çelikbilek həmvətəni Yüksel Anıl ilə qarşılaşmada sərrast zərbələri və güclü oyunu sayəsində qalib gəldi. Birinci set 6:4 hesabı ilə başa çatdı. Amma ikinci set xeyli fərqli ab-havada keçdi. Buna səbəb isə Yükselin 4:1 önə çıxması idi. Belə çətin məqamda isə Çelikbilek mükəmməl şəkildə toparlanaraq nəinki tarazlığı bərpa etdi, bu seti də 6:4 üstünlüklə yekunlaşdırdı. Bütövlükdə isə qarşılaşma 1 saat 23 dəqiqəyə başa çatdı.

Beləliklə, Yüksel gümüş medal qazandı, qətərli Mübarak Zayidi məğlub edən mərakeşli Amine Ahuda isə 3-cü yeri tutdu.

Qadın tennisçilərin duelində isə finalda Ayla Aksu və Berfu Çengiz qarşılaşdı. Qeyd etmək yerinə düşər ki, bu ikili cəmi 1 gün əvvəl qoşa yarışlarda çempionluğu bayram etmişdi.

Startda kəskin zərbələri ilə diqqəti cəlb edən Aksu iddialı görünürdü və bu, aldadıcı görüntü deyildi: ilk set məhz onun 6:3 hesablı üstünlüyü ilə başa çatdı.

İmkanları daha yüksək qiymətləndirilən Aksu ikinci setdə istəklərini bir qədər də asan reallaşdırmağa müvəffəq oldu və bu, hesabda da əksini tapdı – 6:2.

Çengiz mübarizəni gümüş medalla tamamladı, bürünc medalı isə omanlı Fatma Al Nabhaniyə qalib gəlmiş (6:2 və 6:2) özbəkistanlı Şaripova qazandı.
Beləcə, Bakı Tennis Akademiyasında keçirilən tennis mübarizəsində 6 qızıl medalın hamısını əldə edən Türkiyə bu növdə 100 faizlik nəticə göstərdi.

©AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR