"Həmrəyliyimiz uğurlu gələcəyimizə körpüdür"

26 yanvar 2017
_MG_3674.JPG _MG_3640.JPG _MG_3636.JPG

Bütün Azərbaycan və küləklər şəhəri olan paytaxt Bakı qarşıdan gələn 4-cü İslam Həmrəyliyi Oyunlarını böyük səbirsizliklə gözləyir. Bu tarixi idman tədbirinə yalnız 107 günün qaldığı bir zamanda, Oyunlara hazırlıq işləri tam sürəti ilə davam edir. Tədbirə layiqli şəkildə ev sahibliyi etmək və onun uğurla keçirilməsinə müvəffəq olmaq üçün, peşəkar komanda fəaliyyət göstərsə də, bu hədəfə nail olma yolunda könüllülərin rolu danılmazdır. İslam Həmrəyliyi Oyunlarına könüllü qismində qatılmaq üçün, Bakı 2017 Könüllülük Proqramı çərçivəsində məhz 12.500-dən çox namizəd müraciət etmişdir.

"İki aydan az bir müddət ərzində Bakı 2017 Könüllülük Proqramına müraciət edən namizəd sayı bizim gözləntilərimizin üzərində oldu. Bu nəticənin özü elə bir uğurun göstəricisidir. Biz namizədlərin arasında sorğu keçirdiyimiz zaman onların 76%-i, dostlarının Baku 2015 təcrübəsinə əsaslanaraq öz müraciətlərini irəli sürdüyünü bildirdilər. Bundan belə qənaətə gəlmək mümkündür ki, keçmiş könüllülərin əldə etdiyi dəyərli təcrübələr, yeni biliklər və eləcə də uğurlar, onların ətrafındakı insanları da könüllü olmağa ruhlandırır. Bu isə, ölkəmizdə yeni bir irsin başlanğıcıdır." – İşçi qüvvəsi departamentində kommunikasiya və təlim üzrə baş menecer Əfsun Qurbanov komandanın bu nailiyyəti ilə bağlı öz fikirlərini bölüşüb.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının uğuruna öz töhfəsini verməyə hazır olan dəyərli könüllülərdən biri də Məleykə Tağızadədir. Sadəcə 16 yaşı olmasına baxmayaraq, 15-dən çox layihədə könüllü kimi çalışan Məleykə, Bakı 2015 Avropa Oyunlarında könüllü olaraq fəaliyyət göstərdikdən sonra, könüllülüyə olan marağının daha da artdığını qeyd edir:

"Qaliblərdən olmağı hamı sevir və İslam Həmrəyliyi Oyunlarında səfir könüllü olmaq mənim üçün qalib olmaq deməkdir. Daha öncə heç vaxt könüllü olmayan bəzi gənclər bəzən könüllülük prinsiplərinə zidd fikirlər söyləyirlər və düşünürlər ki, bu, vaxt itkisidir. Amma bu itki deyil, bu qazancdır - yaxşı dostlar, dəyərli təcrübə, yeni bacarıqlar qazanmaq deməkdir.

Mən hər zaman idman həvəskarı olmuşam. Əvvəllər voleybol ilə məşğul idim, amma aldığım zədəyə görə idmana davam edə bilmədim. İçimdəki idmana istiqamətlənmiş istəyi yox etməmək üçün, idman tədbirlərində könüllü kimi çıxış etməyin doğru qərar olduğunu düşündüm və indi çox düzgün addım atdığımı anlayıram.

Könüllü olmaq elə idmançı olmaq kimidir, amma mənim fikrimcə könüllülük daha maraqlıdır. Biz burada irq, din, dil fərqliliyinə əhəmiyyət vermədən ölkəmizi layiqincə təmsil etmək üçün, bir komanda şəklində həmrəy çalışırıq.

Bundan əlavə, Oyunlardan əvvəl könüllülər üçün liderlik, fərdi inkişaf, nitq mədəniyyəti mövzuları ilə bağlı keçiriləcək seminarların bizim gələcək iş həyatımıza çox faydalı olacağına inanıram."

Hal-hazırda 11-ci sinifdə oxuduğunu və universitetə hazırlaşdığını bildirən səfir könüllü Məleykə gələcək planlarından da danışıb: "Gələcəkdə radio aparıcısı olmağı düşünürəm. İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərdə iştirak şübhəsiz bizdə dil qabiliyyətini artırır və bu, mənim gələcək karyeram üçün çox önəmlidir.

Bütün günü imtahanlara hazırlaşdığım üçün, təbii ki, yorğun oluram. Amma İslam Həmrəyliyi Oyunlarının Könüllülərlə iş komandası bizim üçün vaxtımızı xoş keçirə biləcəyimiz əyləncələr də fikirləşir. Məsələn, bu yaxınlarda könüllülər üçün "İstedadını göstər" müsabiqəsi təşkil olunacaq və mən bu müsabiqədə mahnı oxumaq istəyirəm. Müsabiqənin rəqabətli və maraqlı keçəcəyini təxmin etmək çətin deyil."

Tək İslam Həmrəyliyi Oyunlarının könüllüsü kimi yox, eyni zamanda cəmiyyət üçün xeyirli bir insan olaraq yetişmək istədiyini vurğulayan Məleykənin gənc yaşına baxmayaraq, onun artıq öz layihəsi var.

"Layihəm gənclər üçün düşərgə layihəsidir. Layihədə 300-dən artıq gənc iştirak edəcək. Bu layihəni həyata keçirməyə qərar verməkdə mənə könüllülük təcrübəm kömək etdi. Belə ki, bu təcrübə məndə özünə inam hissini artırdı. Artıq bilirəm nədən başlamaq lazımdır. Oyunlarda bizə aşılanan "Əgər sən bunu istəyirsənsə, bunu bacaracaqsan, sadəcə inanmaq lazımdır" fikri ilə artıq bilirəm ki, edə bilməyəcəyim bir şey yoxdur.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında könüllülük mənim üçün həmrəy olmaq deməkdir və həmrəyliyimiz bizi uğurlu gələcəyə aparan körpüdür".

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png