Sağ ol, Bakı! Salam, İstanbul...

22 may 2017

Bağlanış mərasimi ilə bağlı şəkillərə buradan baxa bilərsiniz...


Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. 10 gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı. Bir az əvvəl isə Bakı Olimpiya Stadionunda bir çox unudulmaz, sevinc dolu anları ilə yaddaşlara köçən təntənəli bağlanış mərasimi başa çatıb.

“Bakı-2017” İslam Oyunlarının gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilin idman tədbirinə ən yüksək səviyyədə hazırlıq görülüb, incə detallar belə, nəzərə alınıb. Bakının 16 idman arenası 10 gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıları, həm də tamaşaçıları qane etdi. Əminliklə demək olar ki, Bakı yarışı bu İslam Oyunlarının tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib ki, Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı Prezident İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident, “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun rəhbərliyi altında İslam Həmrəyliyi Oyunlarında çalışan heyətin fəaliyyəti sayəsində mümkün olub. Qonaq Bakı sakinlərinə və Azərbaycan xalqına sonsuz təşəkkürünü bildirib.

Builki yarışlarda iştirak üçün Bakıya rekord sayda – 54 ölkənin 3 mindən çox idmançısı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. “Bakı-2017”ni dünyanın 50-dən çox ölkəsində təxminən 1 milyard tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə bitirib: atletlərimiz 75 qızıl, 50 gümüş və 37 bürünc, cəmi 162 medal qazanıblar. Komandamızın hesabına ən çox medalı cüdoçularımız yazıb – 11 qızıl, 12 gümüş və 3 bürünc. Güləşçilərimiz 23, gimnastlarımız 20 dəfə fəxri kürsüyə qalxıblar.

Medal sıralamasında Türkiyə ikinci, İran üçüncü, Özbəkistan dördüncü, Bəhreyn beşinci  yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları medal qazanıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.

Bağlanış mərasiminin səhnə tərtibatı İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanıb. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış və hamarlanmış, diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan “Həyat ağacı” yerləşdirilib.

“Xəzərin üzərində nur” adlanan və 454 aktyorun canlandırdığı səhnəcik böyük maraqla qarşılanıb, stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli sədaları səslənib.

Tamaşaçılar Prezident İlham Əliyevi, birinci vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamlayıblar. Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunub.

Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyib: “Son 10 gün ərzində İslam aləminin atletləri idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu, çıxışlarını seyr etmək böyük hisslər yaratdı”.

İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılırlar.

Yarışların qalibi olan Azərbaycan idmançılarına müraciətlə Mehriban Əliyeva deyib ki, məhz onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırıb və fəaliyyətləri gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

“Lakin son 10 gündə burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Çox fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirib.

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları irimiqyaslı idman tədbirlərinin geniş qəlbi adlandırıb və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edib.

“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib və çıxışını bu sözlərlə tamamlayıb: “Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilib.

Ardınca İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı endirilib və baş katibi onu “İstanbul-2021” V İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirilib və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılıb.

Tədbir geniş konsert proqramı ilə davam edib. Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın nitqini oxumaq üçün klikləyin.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Faisal Əbdüləziz Əl Nassarın nitqini oxumaq üçün klikləyin.


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR