Oyunların idmançı və ulduz səfirləri elan olundu

8 fevral 2017

8 Fevral 2017-ci il tarixində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimetmə mərasimini keçirmək məqsədi ilə İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərini bir araya gətirib. Bu əlamətdar gün münasibəti ilə təşkil olunmuş tədbirdə AİHOƏK-in korporativ direktoru Elçin Səfərov və digər rəsmilər iştirak edib.
AİHOƏK-in korporativ direktoru Elçin Səfərov IV İslam Həmrəyliyi Oyunlarına 100 gündən az bir vaxt qaldığı dövrdə idmançı və ulduz səfirlərin ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verən AİHOƏK-in korporativ direktoru deyib: “Cəmiyyətə təqdim olunan IV İslam Həmrəyliyi Oyunlarının idman və ulduz səfirləri Oyunların həmrəylik, sülh, dəyər və mükəmməllik mesajının bütün ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaqlar”.


Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfirlər qismində qatılacaq məşhurlarımız idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına mühüm töhfə verəcəklər.


AİHOƏK rəsmilərinin çıxışından sonra idmançı və ulduz səfirləri ictimaiyyətə təqdim edilib.


Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıblar.
Müğənni Tünzalə Ağayeva: “Bu məsuliyyətli işi gördüyümə sevinirəm. Artıq bu gündən ulduz səfir olaraq, sizin xidmətinizdə olacam. Hər birimizə uğurlar!”
Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov: “Biz səfir olaq, siz həmrəy, beləliklə hər birimiz həmrəy olaq. Çalışaq, ölkəmizin həmrəyliyini göstərək”.
İdmançı səfirləri isə Rəsul Çunayev, Rüstəm Orucov, Rafael Ağayev, Hacı Əliyev, İlham Zəkiyev, Radik İsayev, Kamran Şahsuvarlı, Fəridə Əzizova, İlahə Qasımova, Ruslan Abışov, Leyla Cavadova,  Elmar Qasımov, Nazim Babayev və Aynur Rzayeva  kimi fəxri idmançılar təmsil edəcək.
Güləşçi Hacı Əliyev: “İdmançıların məhz səfir kimi çıxışı əslində maraqlı, məsuliyyətli işdir. Biz idmançıyıq ancaq səfir kimi yeni seçilirik, bu təbiiki, uğurumuzun qarşılığıdır. Mən həm idmançı kimi, həm də səfir kimi işimin öhdəsindən layiqincə gələcəm.



Karateçi İlahə Qasımova: “Karateni təmsil edirəm, həm səfir kimi,  həm də idmançı kimi işimin öhdəsindən uğurla gəlməyə çalışacam”.


Tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş etdirilib. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə dünya və Asiya çempionu, IV İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum videomüraciətində deyib: “Bu proqram IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə yanaşı, hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır”.
Proqrama yerli atletlərdən başqa, əcnəbi idmançılar da qoşulub. İndiyədək proqrama qoşulan əcnəbi atletlərin təsdiqlənmiş sayı 16-dır.


İdman elçilərimiz ilə tanış olun...


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR