Könüllülük Proqramı böyük marağa səbəb oldu

26 yanvar 2017

Ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı 2017 Könüllülük Proqramına qeydiyyat 11 dekabr 2016-ci il tarixində başa çatdı.

Bakı 2017 Könüllülük Proqramına qeydiyyatın start verildiyi tarixdən, iki aydan az bir müddətin keçməsinə baxmayaraq 12500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün bu proqrama müraciət etdi. Proqrama marağın gözlənildiyindən artıq olması, Azərbaycanı qürurla təmsil etmək və bu əlamətdar tədbiri unudulmaz idman bayramına çevirmək üçün can atan gənclərimizin sayının kifayət qədər çox olduğunu göstərdi. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi olaraq, dinamik və enerji dolu gənclərimizə nümayiş etdirdikləri möhtəşəm fəallıq üçün minnətdarlığımızı bildiririk və əldə etdiyimiz bu uğurun sadəcə başlanğıc olduğuna inanırıq.

Qeyd edək ki, hal-hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzinə dəvət olunaraq müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda, yalnız 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və Oyunlar zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.

Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin Facebook səhifəsindən izləyə bilərsiniz.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR