İran Zorxana idman növünün komanda hərəkətlərində qızıl medal qazandı

21 may 2017
MARCO BERTORELLO / Baku 2017 / AFP-Services
MARCO BERTORELLO / Baku 2017 / AFP-Services

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan növlər arasında zorxana yarışlarının xüsusi yeri var. İlk olaraq bu yarışla bağlı bəzi məlumatlara nəzər yetirək.

“Zorxana” sözü tərcümədə “güc evi” mənasını verir. İştirakçılar hərəkətləri mürşidin zərb aləti ilə ifa etdiyi zorxana ritmlərinin sədaları altında yerinə yetirirlər. Mürşid dar və alçaq keçidə açılan, 1 və ya 1,5 metr hündürlüyündə olan taxtda – sərdəm deyilən yerdə əyləşir. Zorxana alətləri qədim silahların formasında hazırlanır: məsələn, səng aləti qalxanı, mil əmud, toppuz və qılıncı, kəbbadə kamanı xatırladır. Şeno aləti isə üzərində jim hərəkətlərinə oxşar məşqləri etmək üçündür.

Qeyd etmək yerinə düşər ki, zorxana, idman növü kimi, 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxildir.

Mayın 20-də zorxana yarışlarında komanda mübarizəsi yekunlaşıb. Çıxışları üç hakim qiymətləndirib. İran təmsilçiləri daha mükəmməl proqram təqdim etməklə “Bakı-2017”nin qalibi adını qazanıblar – referilərin onların çıxışına verdiyi qiymət 831 xal olub.

Tural Əliyev, Məmmədli Salamov, Xəyyam Orucov, Rüfət Güləliyev və Orxan Xanlarovdan ibarət Azərbaycan komandası 581 xalla ikinci yeri tutaraq gümüş medulla mükafatlandırılıb.

Bürünc medala isə çıxışı 526 xalla dəyərləndirilən Əfqanıstan zorxanaçıları sahib olublar.

Bu gün isə zorxanada fərdi yarışlardır. İştirakçılar 6 növdə – səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni növlərində fərdi çıxışlar təqdim edəcəklər. “Baku Crystal Hall”da təşkil olunan yarışda qələbə uğrunda Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan, Toqo və Uqanda zorxanaçıları mübarizə aparırlar.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR