Həmrəylik səhərləri: Dostluq

11 fevral 2017

Fevral ayının 11-dən etibarən IV İslam Həmrəyliyi Oyunlarının Grassroots proqramı çərçivəsində Ulduz səfirlər öz fəaliyyətlərinə start verdilər. Bu gün ulduz səfirlər olan Rafael və Coşqun Bakı 2017 könüllüləri ilə “Həmrəylik səhərləri: Dostluq” adlı tədbirdə görüşdülər. 

Bu tədbirlərin əsas məqsədi - könüllülərə İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini aşılamaqdır. 

Qeyd edək ki, 4 amil – birlik, hörmət, sülh və mükəmməllik IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləridir. Onların hər biri bir məna kəsb edir:

Birlik – “Biz bir komandanın tək səsi kimi bizi ayıran sərhədləri aradan qaldırmaq və bizi birləşdirən dəyərlərin gücləndirilməsi üçün birlikdə çalışırıq”.

Sülh – “Biz aramızdakı fərqlilikləri anlayıb qiymətləndirərək harmoniya və sülhə dayaq oluruq”.

Hörmət – “Biz multikulturalizmə, ənənələrə, dinlərə və irslərə hörmət edirik və lazımınca dəyərləndiririk”.

Mükəmməllik – “Biz gördüyümüz bütün işlərdə mükəmməllik üçün çalışırıq”.

Rafael və Coşqun Bakı 2017 könüllülərinə uğurlar diləyərək, oyunlar zamanı dəstək verəcəklərini bildirərək, dostluğun önəmindən danışdılar. Rafael İsgəndərov: “Məncə “Birlik” İslam Həmrəyliyi Oyunlarının dəyərləri arasında könüllülərimizə ən yaxın dəyərdir və bu dəyərin qorunması üçün ən önəmli cəhət dostluqdur. Avropa oyunlarında olduğu kimi, bu oyunlarda da mənim övladım könüllüdür və əslində bütün könüllülər bizim övladlarımızdır. Onlara dəstək olaq və oyunlarda bir ailə kimi iştirak edək”. 

Coşqun Rəhimov da həmkarının sözlərinə qüvvət olaraq səfir olmağın önəmini vurğulayıb: “Tək mən, Rafael və seçilmiş başqa səfirlər deyil, məncə Azərbaycanın hər bir vətəndaşı səfir olmalıdır. Bu mesajın daşıyıcısı olmaq çox böyük məsuliyyətdir və bizim üçün çox önəmlidir”.

Görüşdə müsahibə mərhələsindən keçən 200 nəfər könüllü iştirak etmişdir. 

Qeyd edək ki, Bakı 2017 Oyunlarına hazırlıq dövründə könüllülərin şəxsi və peşəkar inkişafı və vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün müxtəlif mövzularda təlim və seminarlar, eyni zamanda tədbirlər keçirilir. 

Bundan başqa, İslam Həmrəyliyi Oyunlarına hazırlıq dövründə və eləcə də Oyunlar zamanı könüllülər müxtəlif məkanlarda müəyyən vəzifələrdə çalışaraq təcrübə qazanacaqlar.


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR