Elimizə bahar gəlir

20 mart 2017

Novruz bayramı ən qədim bayramlardan biridir. Novruz bayramı yeni ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bu gün qış fəsli başa çatır və yaz fəsli həyatımıza qədəm qoyur. Novruz bayramı əslində yazın, baharın ilk günü olub, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

Azərbaycan xalqı Novruz bayramını çox təntənəli şəkildə və həm də hələ bir ay öncədən qeyd etməyə başlayır. Belə ki, hər həftənin çərşənbə axşamı günləri mərasim folkloru düzümünə uyğun olaraq əvvəlcə Su, sonra Od və Yel çərşənbələri qeyd olunur. Daha sonra isə bu üçü birləşərək Torpağı dirildir, oyadır və beləcə İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd edilir ki, bununla da ağaclar cücərməyə başlayır və bahar fəslinin gəlişindən xəbər verir.

El-obada, hər bir ailədə də Novruz bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər ağardılır, paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Ailənin hər bir üzvü üçün təzə paltar alınır.

Əsrlərin sınağından çıxaraq mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribançılığın möhkəmləndirilməsi, habelə onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl də yaratmışdır. Novruz bayramı sağlamlığın və firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu və torpağa, insana məhəbbət bayramıdır.

Xalqın adət-ənənəsinə görə, bu gün bütün evlərdə bayram süfrəsi açılır. Bu süfrənin hazırlanmasına İlaxır çərşənbəsindən başlayırlar. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Süfrəyə qoymaq üçün müxtəlif şirniyyatlar bişirilir.  Bunlara şəkərbura, paxlava, şorqoğal, şəkərçörəyi, badambura və s. aiddir.

Bayram süfrəsində  adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s. kimi çərəzlər olur.

Xonçanın ortasında səməni, ailənin hər bir üzvünə görə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir ki, insanı bədnəzərdən qoruyur.

Novruz bayramının maraqlı ənənələri vardır. Belə ki, İlaxır çərşənbəsində tonqallar qalanır və yaşından, cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə. İnsanlar tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarından xilas olurlar. Tonqalın üstündən tullanarkən isə belə demək lazımdır: “Ağırlığım-uğurluğum odda yansın.”

Novruz bayramı günündə xüsusilə çoxdan küsülü qalan insanların barışmasına da şərait yaratmaq lazımdır. Həmçinin qohumlara, qocalara, xəstələrə baş çəkmək, ölənlərin qəbrini ziyarət etmək gərəkdir. Adət-ənənəyə görə, bayramın ilk günü hər kəs öz evində olmalıdır. Ailədə təzə uşaq dünyaya gələndə isə onun adına xüsusi hədiyyələr alınmalıdır.

Qeyd edək ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə, yəni martın 20-dən 21-nə keçən gün qeyd edilir.

Novruz Azərbaycanla yanaşı, Qafqazda, İranda, Türkiyədə, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda, Əfqanıstanda xüsusi təntənə ilə qeyd edilir.

Bakı-2017 kollektivi olaraq xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir həmvətənimizə cansağlığı, uzun ömür və işlərinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR