Tennis idman növü haqqında bilmədiklərimiz

17 fevral 2017

“Tennis - iki nəfər və yaxud hər birində iki nəfər olmaqla, iki komanda arasında aparılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin”.



Tennis (laun tennis) — İngilis dilindəki “lawn” sözündən – fransızcadan “tenez” sözündən yaranmışdır. Bu oyun tennis topu və raketka ilə aparılan ən məşhur idman növüdür.
XIII-XIV əsrlərdə bu idman növü İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub. Raketkalar iki əsr sonra, yəni XVI əsrdən etibarən tətbiq edilməyə başladı. Müasir tennis Böyük Britaniyada 1873-cü ildən inkişaf etməyə başladı. İlk tennis turniri Uimbldon, İngiltərədə 1877-ci ildə keçirilmişdir. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edildi.
Tennis artıq 700 ildir ki, Avropada məşhurdur.  Azərbaycana tennisi neft mədənlərində işləyən almanlar və ingilislər gətirdi. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda neft milyonçusu Nobelin bağında təşkil edildi. Bu fakta əsasən də Azərbaycanda tennisin tarixi 1907-ci ildən etibarən hesablanır. İllər ötdükcə, Azərbaycanda tennislə məşğul olanların sayı artmağa başladı və nəticədə çempionat oyunları keçirildi. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirildi.  Kişilər arasında ilk Azərbaycan çempionu P.Mostman, qadınlar arasında isə A. Buravseva olmuşdur.1995-ci ildə isə Azərbaycanda Tennis Federasiyası yaradıldı.
İHOƏK-nin tennis idman növü üzrə menecer köməkçisi, Sabira Abdullayeva: “Tennis – nüfuzlu və vəsait tələb edən idman növlərindən biridir. Deyirlər ki, tennis əsasən Qərb ölkələrində məşhurdur, amma İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin də tennis üzrə güclü rəqabət aparmağa qadir olduğunu nümayiş etdirəcək. Mart ayından Azərbaycan komandası Bakı Tennis Akademiyasında təlim-məşq proqramına başlayacaq. Hazırda  idmançılarımız turnirlərdə iştirak edirlər, bu da atletlərimizin Oyunlara hazırlığını təmin edəcək.  İslam Oyunlarında  Azərbaycanı 6 kişi və 4 qadından ibarət komanda təmsil edəcək. Adətən hər komandada 4 nəfər olur, amma Azərbaycan Bakı 2017 Oyunlarına ev sahibliyi etdiyinə görə, kişilərdən ibarət  komandalara 2 idmançı əlavə etməyə imtiyaz verildi. İdmançılarımız güclüdür və biz qələbəyə ümid edirik”.
Qeyd edək ki, 4-cü İslam Həmrəyliyi Oyunlarında tennis üzrə yarış 12-22 may tarixləri ərzində keçiriləcək və idmançılar 14 medal dəsti uğrunda mübarizə aparacaq.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR