Bakı 2017 Oyunları öncəsi missiya rəhbərləri Bakıda toplanır

26 yanvar 2017

Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Bakı 2017 Əməliyyat Komitəsinin (AİHOƏK) hazırlıqları barədə son məlumatlarla tanış olmaq məqsədilə dünyanın 50-dən çox ölkəsindən Bakıya təşrif buyurmuş missiya rəhbərləri müzakirələrə başlayıblar.

Oyunların keçirildiyi müddət ərzində öz ölkələrinin Milli Olimpiya Komitələrinə başçılıq edəcək, eyni zamanda bütün idmançı və komanda rəsmiləri üçün cavabdehlik daşıyacaq missiya rəhbərləri, Bakıda olduqları iki günlük səfər çərçivəsində müxtəlif görüşlər keçirib, idmançıların qalacaqları yerlər, akkreditasiya məsələləri, mərasimlər və nəqliyyat əməliyyatları daxil olmaqla, bir çox mövzular üzrə silsilə seminarlarda iştirak ediblər.

İki günlük tədbirin tərkib hissəsi kimi, missiya rəhbərlərinin Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenası, eləcə də Atletlər Kəndi daxil olmaqla, Bakı 2017 İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək bir sıra müasir məkanlara da baş çəkmələri nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, seminarın əsas məqsədi missiya rəhbərlərinin Oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də, Bakı 2017 barədə ən son məlumatlar ilə tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələridir.

AİHOƏK baş icraçı direktoru cənab Azad Rəhimovun rəhbərlik etdiyi seminarda, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faisal Abdulaziz AL-Nassar, baş katibin müavini Said Abdulqaffar Huseyn və baş direktor Xalid Abdulla Bin Al-Şeyx daxil olmaqla rəhbər üzvləri iştirak ediblər.

Seminar zamanı çıxış edən AİHOƏK-nın baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “IV İslam Həmrəyliyi oyunlarına hazırlıq işlərinin aparılması istiqamətində mühüm məsələlərin müzakirəsi üçün missiya rəhbərlərinin Bakı toplantısı çox mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, 50-dən çox ölkədən Bakıya təşrif buyurmuş missiya rəhbərləri oyunlara qalan qarşıdakı 6 ay ərzində tamamlanması nəzərdə tutulan işlərin qısa müddətdə gerçəkləşməsi istiqamətində bizimlə birgə səylərini əsirgəməyəcəklər.

Seminarın ikinci günü missiya rəhbərlərinin idman arenaları ilə tanışlığı bizim üçün önəmli məqamlardan biridir. Əminəm ki, idman arenaları ilə tanışlıq Azərbaycanın oyunlara yüksək səviyyədə, məsuliyyət və peşəkarlıqla hazırlığının böyük göstəricisi olacaq.”

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR