Bəhreyn atletikada qazanılan medalların sayında liderdir

20 may 2017
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services
JONATHAN NACKSTRAND / Baku 2017 / AFP-Services

Mayın 20-də keçirilən atletika yarışlarında Bəhreyn idmançıları xüsusilə fərqlənib – indi onlar bu növdə qazanılan medalların sayında 1-ci yerdədirlər.
Havanın yağışlı olması idmançıların işini xeyli çətinləşdirirmişdi. Amma bu, bəhreynli Sadiq Mikhouya mane ola bilməyib və o, 1500 m məsafəyə qaçış yarışlarında finiş xəttinə birinci çatıb. Bu, Bəhreynin 9-cu qızıl medalı olub. Sonrakı iki yeri Mərakeş idmançıları tutublar – Fuad Elkam gümüş, Brahim Kazouzi bürünc medal qazanıb.

Körfəz ölkəsi 10-cu qızıl medalı Abraham Çerobenin sayəsində əldə edib. Bu idmançı kişilərin 10 min metr məsafəyə qaçışında fərqlənib: Rio olimpiadasının 10-cu olmuş Çerobon finişə 400 m qalmış türkiyəli Əli Kaya və Kan Kigen Özbilənlə bərabər qaçıb, lakin sonradan irəli keçərək 27 dəqiqə 38,76 saniyə nəticə ilə ölkəsinə daha bir ən yüksək əyarlı mükafat qazandırıb. Türkiyəli Özbilən 2-ci, mərakeşli Sofiyan Bouqantar 3-cü yeri tutub.

Bəhreynli qadın sprinterlər – Salva Eid Nasir, Edidionq Ofonime Odionq, Aminat Camal və Oluvafemi Adekoya 4x400 m məsafəyə estafet yarışında qalib gələrək komandalarının hesabına 11-ci qızılı yazıblar. Bu yarışda gümüş medala Nigeriya, bürüncə isə Türkiyə idmançıları yiyələniblər. Lakin türklərin 3-cü olması Mərakeş təmsilçilərinin cəzalandırılması üzündən baş verib.

Qadın atletlərin 10 min metr məsafəyə qaçış yarışları da olduqca maraqlı alınıb. Mübarizə 5000 m məsafəyə qaçışda ikinci olmuş Türkiyə atleti Yasəmən Canın qələbəsi ilə başa çatıb.

Kürəatma yarışında da Türkiyə təmsilçisi qalib olub – Osman Can fəxri kürsünün qızıl pilləsinə yüksəlib.

Türkiyə komandası günün 3-cü qızıl medalını 4x400 m məsafəyə estafet qaçışında əldə edib: Enis Unsal, Batuhan Altintaş, Sinan Örən və Yavuz rəqibləri ilə müqayisədə daha sürətli olublar. Bu, “Bakı-2017”nin atletika yarışlarında Türkiyənin 8-ci qızıl medalı olub.

Şüvüllə hündürlüyə tullanma yarışı Səudiyyə Ərəbistanı idmançısı Hüseyn Əl Hizamın qalibiyyəti ilə yekunlaşıb – o, 5,55 metr hündürlüyün öhdəsindən gəlib. Tunisli Mohamed Amine gümüş (5,30), Əlcəzair atleti Hişem Xəlil Çerabi bürünc (5,25) medala sahib olub.

Rapaatletika

Özbəkistanlı Doniyor Saliyev kişilər arasında uzunluğa tullanma (T12) yarışlarında 7,12 m nəticə ilə qızıl medala yiyələnib. Bu növdə sonrakı iki yeri Azərbaycan idmançıları tutublar: Kamil Əliyev gümüş (7,10) Oleq Panyutin bürünc (6,78) medal qazanıb.

Yerli idmançı Elçin Muradov isə kişilərin uzunluğa tullanma üzrə T11 yarışlarında qələbə qazanıb. İndoneziya atleti Əbdül Dalimunte ikinci, digər azərbaycanlı Zeynəddin Bilalov isə üçüncü nəticə göstərib.

Kişilərin 400 m məsafəyə qaçış yarışlarında isə Mərakeş komandası 7-ci qızıl medalın sevincini yaşayıb: Mehdi Afri son anda həmyerlisi Əyyub Haimodanı geridə qoyaraq finiş xəttinə 49,64 saniyə nəticə ilə birinci çatıb.

Kişilər arasında kürəatma yarışı isə İran atleti Saman Pakbazun zəfəri ilə başa çatıb – o, aləti 15,69 m məsafəyə atıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ümumi nəticədə ilk üçlükdə Bəhreyn, Azərbaycan və Türkiyə idmançıları qərarlaşıblar.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR