Azərbaycan futbolçuları İslam Oyunlarının qalibi oldu

21 may 2017

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında daha bir növdə qalib müəyyənləşdi – təşkilatçı ölkənin futbol üzrə yığma komandası çempionluğu bayram etdi.

Futbol turnirinin finalında Azərbaycan və Oman futbolçuları ölkənin əsas idman arenalarından sayılan Tofiq Bəhramov stadionunda üz-üzə gəldilər. Həlledici qarşılaşmanın iştirakçılarının turnirdə keçdiyi yola qısa nəzər yetirək.

Oman: “B” qrupunda yarışan komanda Fələstin (2:2), Türkiyə (3:2) və Əlcəzair (1:1) futbolçuları ilə oyunlarda 5 xal toplayıb yarımfinala çıxdı və həmin oyunda Kamerunu (0:0, penaltilərlə 4:3) mübarizədən kənarlaşdırdı;

Azərbaycan: “A” qrupunda mübarizə aparan ev sahibləri Kamerun (0:0), Səudiyyə Ərəbistanı (2:0) və Mərakeş (0:0) komandaları ilə görüşlərdə 5 xal əldə etdi, yarımfinalda isə Əlcəzair (2:0) futbolçularını məğlubiyyətə uğratdılar.

Final görüşünə fəal başlayan yerli futbolçular rəqibi qapısına sıxışdırdı və bunun məntiqi nəticəsini çox gözləmək lazım gəlmədi: 17-ci dəqiqədə çoxgedişli kombinasiyanı son 4 mövsümün Azərbaycan çempionu “Qarabağ”ın oyunçusu Mahir Mədətov qolla yekunlaşdırdı.

Bu futbolçu az sonra – 27-ci dəqiqədə ikinci topu Oman komandasının qapısından keçirdi və birinci hissə Azərbaycanın 2:0 üstünlüyü ilə başa çatdı.
İkinci hissədə isə Oman idmançıları təşəbbüsə yiyələndilər və komandanın ən fəal oyunçusu Əl-Yəhyayi 56-cı dəqiqədə final görüşünə yaraşan gözəllikdə qol vurdu – onun uzaq məsafədən endirdiyi möhtəşəm zərbə qarşısıalınmaz oldu. Bu, ev sahiblərinin turnir ərzində qapısından buraxdığı ilk top idi.

Qalan vaxtda tərəflərdən biri bərabərliyi bərpa etməyə, digəri fərqi artırmağa çalışsa da, qarşılaşmada başqa qol vurulmadı və 2:1 hesablı qələbə ilə Azərbaycan yığma komandası tarixində ilk dəfə irimiqyaslı beynəlxalq turnirin qalibi adını qazandı.

Qalib komandanın final oyununda heyəti

Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşqun Diniyev, Elşən Abdullayev (Tellur Mütəllimov, 86), Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov, Elvin Camalov, Məqsəd İsayev (Orxan Əliyev, 87), Azər Salahlı.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində bürünc medalı Kamerun futbolçularına 2:0 hesabı ilə qalib gələn Əlcəzair yığma komandası qazandı.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR