Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib

16 yanvar 2017
2.jpg 3.jpg 4.jpg 5.jpg

"Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın “Olimpiya paytaxtı” adlandırırlar. 1894-cü ildə Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lozannada yerləşir.

Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi.

Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Mehriban Əliyevanı salamlayaraq onu bu mərasimdə görməkdən şad olduqlarını bildirib. O dedi:

- Sizi evinizdə salamlamaq mənim üçün böyük şərəfdir. Bilirsiniz ki, bu, sizin eviniz, Olimpiya evidir. Beynəlxalq Olimpiya Komitəsi bu görüşə ev sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün bizim hamımız üçün böyük əhəmiyyəti var. Çünki bu, böyük uğur qazanmış ilk Avropa Oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa Olimpiya Komitəsini və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu Oyunların əhəmiyyətini və Azərbaycanın Oyunları yüksək səviyyədə keçirdiyini qəbul etdi.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Mehriban Əliyevanın tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verdi. O, Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışdı, onun Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, “Qızıl ürək” beynəlxalq mükafatına və digər mükafatlara layiq görülüb, 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onu da dedi ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.

Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edildi.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Patrik Hikki Azərbaycanın paytaxtında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildirdi, Bakının gözəlliyinin, xüsusilə də xalqımızın qonaqpərvərliyinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, Avropa tarixində ilk dəfə baş tutan bu Oyunların yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladı, onun salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edərək dedi:

- Bakının gözəlliyi mənim avropalı həmkarlarımı heyrətə saldı. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, sizin bu Oyunları çox yüksək səviyyədə təşkil etməyinizə heyran qaldılar. Onlar hələ də bunu heyrətlə qeyd edirlər. Sonda mən çox dəyərli insana təşəkkürümü bildirmək istərdim. Bu, sizin həyat yoldaşınız, Azərbaycan Prezidenti İlham Əliyevdir. O, uzaqgörən möhtəşəm insandır və o, olmasaydı bütün bunlar olmazdı. Sizdən bizim səmimi təşəkkürümüzü ona çatdırmağınızı xahiş edirik. Mən onun hazırda Davosda olduğunu bilirəm. Bizim ən xoş arzularımızı ona çatdırmağınızı xahiş edirik.

Mehriban Əliyeva dedi:

- Cənab prezident, təşəkkür edirəm. Azərbaycan Prezidenti də məndən sizin hamınıza salamlarını çatdırmağı xahiş etdi. Bu xoş sözlərə görə sizə bir daha təşəkkür etmək istərdim. Mən demək istərdim ki, bu, mənim üçün böyük təcrübə idi. Mən olduqca xoşbəxtəm ki, çoxlu yeni dostlar qazandım, çoxlu yeni məlumatlar əldə etdim. Bu, mənim gündəlik fəaliyyətim üçün çox faydalıdır. Bir daha demək istərdim ki, sizi hər zaman Azərbaycanda görməkdən məmnunuq. Siz Azərbaycanın həqiqi dostlarısınız. Sizi hər zaman ölkəmizdə görməyə şadıq. Təşəkkür edirəm.

Daha sonra birinci Avropa Oyunlarından bəhs edən filmin nümayişi oldu. Filmdə Oyunların açılış mərasimindən müxtəlif kadrlar göstərildi, idman yarışlarının keçirildiyi məkanlarda müşahidə olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən görüntülər mərasim iştirakçılarına təqdim edildi. Filmdə birinci Avropa Oyunlarının bağlanış mərasiminə də yer verildi, Avropa tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak ediblər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, London Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Sebestyanko və digər nüfuzlu idman xadimləri layiq görülüblər."

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png