Xəzərdən başlayan səyahət

Xəzərdən başlayan səyahət

"Xəzər dənizindən başlayan Səyahət" Bakı 2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan ərasizində təşkil olunacaq tədbirlərin proqramıdır.

Olimpiya Oyunları, o cümlədən, Bakı 2015 Birinci Avropa Oyunları başlamazdan əvvəl məşəl müqəddəs atəşlə alovlandırılmış və ev sahibliyi edən ölkənin hər bir guşəsinə oyunların ruhunu və həyəcanını gətirmək üçün bütün ölkə ərazisində daşınmışdır. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində məqsədimiz dəyişməz olaraq qalır. Lakin bu dəfə Səyahətimiz od deyil, su ünsürünə həsr olunur.

İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən biz Oyunlar ərəfəsində Su ünsürünü bayram kimi qeyd etməyi seçmişik.

2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in İlkin Təqdimat Mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Daha sonra "Xəzər dənizindən başlayan Səyahət" adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparacaqlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.

Səyahət davam etdirilir. Səyahət müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 km-dən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. Hər bir rayon Su Mərasiminə və axşam saatlarında keçiriləcək Su Festivalına ev sahibliyi edəcəkdir. Axşam saatlarında təşkil olunan Su Festivalları ictimai tədbir hesab olunduğundan burada iştirak ödənişsizdir. Festivallarda yerli ifaçı qruplarının çıxışları, Azərbaycanın dünyaca məşhur "Mirvari" rəqs qrupunun rəqs ifaları, gözoxşayan su şousu və möhtəşəm atəşfəşanlıq qonaqları heyran edir.

İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra Səyahət Bakı Olimpiya Stadionunda başa çatacaqdır. Bu heyrətamiz şəhərin bütün guşələrindən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Açılış Mərasiminin tərkib hissəsi hesab olunmaqla, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcəkdir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR